Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışında iştirak ediblər

Dekabrın 26-da Bakının Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb. Birinci texniki dərəcəli avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Asfalt-beton örtüklü yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Tikinti işlərindən sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır.

Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanıb.