Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış olublar.

Müslüm Maqomayev 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib.

Milli dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrı 2013-cü ildən fəaliyyət göstərir. Tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Nəticədə teatr üçün İçərişəhərdə bina ayrılıb və bu binanın teatrın fəaliyyətinə uyğunlaşdırılması işləri uğurla tamamlanıb. Teatrda istifadə olunan kuklalar buradakı emalatxanada hazırlanacaq.

Marionet Teatrı fenomeni yetərincə maraqlı olmaqla yanaşı, dünyada populyar olan teatr incəsənəti janrlarındandır. Bu janr teatr növləri arasında çox çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici sayılanlardan biridir. Çətin olduğuna görə, əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Azərbaycanda Marionet Teatrı ilk dəfə 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb. Bütün yaş qrupuna aid insanlarda maraq doğuran bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim və musiqi, dilimizin nitq melodikasını, xalqımızın həyat tərzini və bayramlarımızı, rəqslərimizi özündə birləşdirir.

Sonra dövlətimizin başçısı və xanımı teatrın səhnəsində marionet kuklalarının ifasında “Leyli və Məcnun” operasından bir hissəyə tamaşa ediblər.

Qədim Şərq folkloruna məxsus məhəbbət əfsanəsi “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli eyniadlı poemalar yazıblar. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını bəstələyib. “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası hazırda Marionet Teatrının repertuarında xüsusi yerlərdən birini tutur. Teatr 1990-cı ildə Fransada “Arşın mal alan”ın uğurlu premyerasını keçirib, sonrakı illərdə bu operettanı dünyanın bir çox ölkələrində nümayiş etdirib. Bu gün isə artıq teatrın qastrol xəritəsində Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələr də yer alır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin yeni “Şirvanşahlar” kolleksiyası ilə də tanış olublar.

İncəsənət Mərkəzi 2012-ci ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasındakı razılaşma əsasında yaradılıb. Mərkəzin dördillik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan incəsənəti və sənətkarlığının gələcək inkişafı üçün yaradıcı gənc sənətkarlar qrupu yetişdirilib. Mərkəzdə Azərbaycanın tarixi və mədəni irsindən ilhamlanan, eyni zamanda, müasir bazarın kommersiya tələblərinə və estetik həssaslığına cavab verən müxtəlif məhsullar ərsəyə gətirilir. IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq edən Şirvanşahlar dövlətinin zəngin mədəniyyəti kolleksiyada öz əksini tapıb. XIII əsrdə Şirvanşah III Fəribürzün əmri ilə tikilən Bayıl Qəsri, Şirvan-Abşeron memarlıq məktəbinin XIII-XVI əsrlərə aid Şirvanşahlar Saray Kompleksi memarlıq abidəsi, eləcə də Şirvanşahlar dövlətinin atributları kolleksiyanı yaradan dizaynerlər tərəfindən əsas ilham mənbəyi olaraq seçilib.

Sonda xatirə şəkli çəkdirilib.