Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
22.09.2016Sentyabrın 22-də Bolqarıstanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.
Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Hörmətli cənab Baş nazir.
Hörmətli cənab mer, xanımlar və cənablar, hörmətli qonaqlar.
Əvvəlcə səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə öz adımdan və bizim bütün nümayəndə heyəti adından bir daha ürəkdən təşəkkür etmək istəyirəm. Sizi milli bayramınız – Müstəqillik günü münasibətilə bir daha ürəkdən təbrik edir, sizə xoşbəxtlik, cansağlığı və sülh diləyirəm. Qədim Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı olmaq mənim üçün böyük şərəfdir. Bu fəxri ada görə dərin minnətdarlığımı, şəhərin sakinlərinə sonsuz ehtiramımı bildirirəm.
Biz – Heydər Əliyev Fondunun əməkdaşları çox qürur duyuruq ki, bolqar xalqının bu böyük milli irsinin bərpasına töhfə verə bilmişik. Burada olduğum bir neçə saat ərzində sizin hamınızın – bu şəhərin və bütün ölkənizin vətəndaşlarının öz mədəni irsinizə necə ehtiramla və məhəbbətlə yanaşdığınızı hiss etdim. Bizim ölkəmiz də öz zəngin tarixi və mədəni irsi ilə məşhurdur və bu münasibət məni dərindən təsirləndirir. Çünki tarixi və mədəni irs dövlətçiliyin və hər bir xalqın milli identikliyinin formalaşmasında çox böyük rol oynayır. Bununla bərabər, mən qəti əminəm ki, məhz humanitar əlaqələr, mədəniyyət, təhsil, incəsənət sahəsində əlaqələr insanları, xalqları, ölkələri bir-birinə yaxınlaşdıran və millətlər, ölkələr arasında anlaşmanı qat-qat əlyetərli edən universal sahədir.
Buna görə bu layihəyə cəlb edilmiş, onun gerçəkləşməsində iştirak etmiş insanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə dərin təşəkkürümü bildirirəm. Çünki bu layihənin həyata keçirilməsinə sizin necə böyük diqqət yetirdiyinizi bilirəm.
Mən çox şadam ki, ölkələrimiz arasında münasibətlər tarix boyu dostluq xarakteri daşıyıb, qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslanıb. Çoxsaylı faktlar onu da təsdiq edir ki, bizim mədəni əlaqələrimizin dərin kökləri var. Görkəmli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilib və sizin ölkədə şöhrət qazanıb. Bu gün Azərbaycanda bolqar ədəbiyyatının klassikləri İvan Vazovu, Xristo Botevi, Emiliyan Stanevi və bir çox başqalarını tanıyır, onlara sevgi və hörmət bəsləyirlər.
Çox sevindirici haldır ki, son vaxtlar ölkələrimizin ayrı-ayrı şəhərləri və regionları arasında da dinamik əməkdaşlıq müşahidə olunur. Azərbaycanın Şəki şəhəri və Bolqarıstanın Qabrova şəhəri qardaşlaşmış şəhərlərdir. Bu gün öyrəndim ki, Veliko Tırnovo və Naxçıvan da qardaşlaşmış şəhərlərdir. Əlbəttə, dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz ən yüksək səviyyədə çox uğurla inkişaf edir. Azərbaycan və Bolqarıstan prezidentlərinin qarşılıqlı səfərləri, Bolqarıstanın Baş nazirinin bizim ölkəyə səfəri əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edir.
Bu gün Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz çoxsaylı iri layihələrdə, o cümlədən enerji layihələrində uğurla əməkdaşlıq edir. Lakin mən bizim humanitar və mədəni əlaqələrimiz üzərində daha çox dayanmaq istəyirəm. Bakı Slavyan Universitetində 2004-cü ildən Bolqar dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Həmin universitetdə bolqar dili, tarixi və mədəniyyəti öyrənilir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi yaradılıb. Hazırda bu universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bütövlükdə ölkələrimizin ali məktəbləri arasında 20-dən çox saziş bağlanıb. Bu, həm tələbə mübadiləsi, həm müxtəlif elmi konfranslar, həm də ölkələrimizin elmi ictimaiyyəti arasında əlaqələr deməkdir.
Əziz dostlar, bir daha vurğulamaq istəyirəm ki, bu cür layihələr, bu cür əməkdaşlıq, sözsüz ki, bizim ikitərəfli əlaqələrimizin möhkəmlənməsinə xidmət edir, insanlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu layihələr həm də dost ölkələr arasında münasibətlərin necə qurula biləcəyini göstərən nümunədir. Bizim ortaq cəhətlərimiz çoxdur və mən müasir dünyada çox vacib olan multikulturalizm ideyasını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda və Bolqarıstanda müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan insanlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Əminəm ki, bizim bugünkü layihə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümidvaram ki, biz bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik.
Məni bu yüksək ad - qədim, gözəl şəhərinizin fəxri vətəndaşı adı ilə təltif etdiyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizin hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq diləyirəm. Sağ olun.