İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işə başlayıb

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri təşkilata sədrliyin Türkiyə Respublikasına keçdiyini elan edib.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzulayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani Sammitdə çıxış edib.

Müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirildikdən sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənilib.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzulayıb.

Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış ediblər.

Daha sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirib.

Sammit işini sessiyalarla davam etdirib.