İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi olub

Sentyabrın 15-də İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva mərasimdə iştirak edib.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.

Təhsil naziri Mikayıl Cabbarov və Səhiyyə naziri Oqtay Şirəliyev Mehriban Əliyevaya Bakı filialı haqqında məlumat verdilər.

Universitetdə ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Mehriban Əliyeva Bakı filialının fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra filialın akt zalında qonaqların, professor-müəllim heyətinin və ali təhsil ocağının ilk tələbələrinin iştirakı ilə görüş keçirilib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsova, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qliboçko və Bakı filialına ən yüksək balla daxil olan birinci kurs tələbəsi Tural Hüseynov mərasimdə çıxış ediblər.

Pyotr Qlıboçko Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılması ilə bağlı hazırlanmış təsis fərmanını Mehriban Əliyevaya təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.