“Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi olub
28.06.2015İyunun 28-də Bakıda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli bağlanış mərasimi olub.
Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Bağlanış mərasimində təşkil olunmuş şouya 1600-dən çox könüllü cəlb edilib. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib:
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.
Birinci xanım, “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Nəhayət, 17 günlük möhtəşəm idman bayramını bizimlə bölüşən hər bir insan. Sağ olun!
Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi.
Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançılar üçün çox gözəl arenaları hazırladı.
İş fəaliyyətinin dəqiqliyi qızıl medallar standartına uyğun oldu.
Yeni gənc qəhrəmanlardan ibarət komandanı Sizin gözəl könüllüləriniz formalaşdırdı.
Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.
Burada yaratdığınız idman obyektləri gələcək illərdə atletlərinizə, xalqınıza və gənclərə xidmət edəcək.
Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdarıq. Siz komandalarınızı idman arenalarında ən yüksək nəticələri əldə etmək üçün ilhamlandırdınız.
Beynəlxalq və Avropa federasiyalarına minnətdarıq. Siz bu Oyunlara, innovasiyaya açıq fikirlə yanaşdınız. Biz birlikdə nümayiş etdirdik ki, müasir dövrün bu çoxnövlü idman tədbirləri hər bir şəhərin tələbat və istəklərinə cavab verə bilər.
Avropa atletlərinə minnətdarlığımızı bildiririk. Siz ölkələrinizi və qitənizi şərəf və ləyaqətlə təmsil etdiniz. Oyunların böyüklüyünü yüksək idman nəticələri müəyyən edir.
Siz bizə möhtəşəm idman bayramı bəxş etdiniz.
Ümid edirəm ki, siz bu Oyunları həmişə xatırlayacaqsınız. Qələbəyə sevindiniz. Məğlubiyyətdən dərs götürdünüz. Siz Avropanın ən yaxşı idmançıları ilə yaşadıqdan, məşq etdikdən və yarışdıqdan sonra artıq “Rio-2016” Olimpiya Oyunlarında bütün dünya qarşısında çıxışa hazırsınız.
Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik.
Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.
Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm:
Azərbaycanın gələcəyi parlaqdır.
Avropa Oyunlarının gələcəyi parlaqdır.
Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.
Beləliklə, indi mən minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə “Bakı-2015” ilk Avropa Oyunlarını bağlı elan edirəm.
Sağ ol, Bakı!
Sağ ol, Azərbaycan!
X X X
Çıxışlardan sonra bağlanış mərasiminə həsr olunmuş şou nümayiş etdirilib. Şounun sonunda atəşfəşanlıq olub.










