Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti haqda da məlumat verilib.

Qonaqlar “Mini Azərbaycan” sərgi zalında da olublar.

Daha sonra Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi başlayıb.

Əvvəlcə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı videotəqdimat olub.

Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Sonra Avropanın ən yaxşı atletlərinə Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi mərasimi olub. İtaliyadan olan üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr Nurovski” mükafatının qalibi elan edilib.

Sonda xatirə şəkli çəkdirilib və tədbir konsert proqramı ilə davam etdirilib.