Mehriban Əliyevaya ISESCO-nun xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirilib

Noyabrın 23-də Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimatına və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət təşkilatının (İSESCO) xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir. Mərasimi Fondun icraçı direktoru Anar Ələkbərov açdı.

Sonra çıxış edən təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində görülən işlərdən danışaraq dedi ki, son iki ildə respublikamızda 730 məktəb tikilmiş, bir o qədər məktəb də əsaslı təmir edilmişdir. Bu işlərin üçdə biri Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülmüşdür. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin təhsil nazirlərinin Küveytdə keçirilən konfransından yenicə qayıtdığını xatırladan nazir bildirdi ki, həmin tədbirdə də Azərbaycana dərin marağın, Prezident İlham Əliyevə böyük hörmətin şahidi olduq. Elə bunun nəticəsidir ki, növbəti konfransın 2008-ci ilin sentyabrında Bakıda keçirilməsi yekdilliklə qərara alındı.

Görkəmli alim Aida İmanquliyevanın əsərinin ərəb dilində nəşrinin onun yaradıcılığının ərəb ölkələrində də yüksək qiymətləndirilməsinin daha bir təsdiqi olduğunu vurğulayan nazir bunu həm də Azərbaycan elminin yeni nailiyyəti kimi səciyyələndirdi.

M.Mərdanov daha sonra dedi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESCO kimi mötəbər təşkilatın xoşməramlı səfiri adının verilməsi təhsil işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində böyük işlər görən Azərbaycanın birinci xanımı ölkəmizdə təhsilin xeyirxah hamisidir. Onun uşaq tərbiyə müəssisələrində, internat evlərində, yeni məktəblərin açılış mərasimlərində görüşləri hamının qəlbində silinməz xatirəyə çevrilir. O, Mehriban xanımı təhsil işçiləri adından təbrik etdi, şərəfli ictimai fəaliyyətində daha böyük uğurlar arzuladı.

Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev keçmiş SSRİ məkanında ən nüfuzlu şərqşünas alimlərdən olan Aida İmanquliyevanın ölkəmizdə bu elm sahəsinin inkişafına verdiyi töhfələri xatırladaraq, İSESCO-nun təşəbbüsü ilə ərəb dilində nəşr olunmuş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının elmi dəyərindən danışdı. Yeni ərəb ədəbiyyatı anlayışına dair açıqlama verən V.Məmmədəliyev kitabda haqqında bəhs edilən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin bütün ərəb şərqində yeni ədəbi oyanış, üslub, ab-hava yaratdıqlarını bildirdi. O dedi ki, Aida xanım ərəb mühacir (məhcər) ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısıdır. Bunu Avropa və ərəb tədqiqatçıları da etiraf edirlər. Keçmiş SSRİ-də yeni ərəb ədəbiyyatının öyrənilməsi məşhur İ.Kraçkovski tərəfindən başlanmışdısa, bu sahədə araşdırmaların zirvəsi Aida xanımın yaradıcılığıdır. Aida İmanquliyeva keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biridir.

Mehriban xanımın ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına, konkret insanların qayğı və problemlərinə göstərdiyi diqqətdən, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətindən bəhs edən V.Məmmədəliyev ziyalıların, ictimaiyyətin bu işləri yüksək qiymətləndirdiyini, İSESCO-nun xoşməramlı səfiri adının qadınlar arasında ilk dəfə olaraq Azərbaycanın birinci xanımına verilməsini onun xidmətlərinin təsdiqi olduğunu vurğuladı. Çıxışını ərəb dilində davam etdirən V.Məmmədəliyev İSESCO-nun islam aləmində və bütün dünyada elmin, mədəniyyətin, təhsilin inkişafına verdiyi dəstəyə görə təşkilatın baş direktoruna Azərbaycan alimlərinin təşəkkürlərini çatdırdı.

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək dedi:

- Ötən il Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən çox böyük təəssürat almışam, qəlbimdə silinməz iz buraxıbdır. Mən Zati-alilərinə İSESCO-nun baş mükafatını təqdim etmişəm. Bu, cənab İlham Əliyevin İSESCO-ya göstərdiyi böyük dəstəyin, İslam aləmində aparılan böyük işlərə onun qoşulmasının göstəricisi idi. İndi isə mən böyük məmnuniyyətlə Azərbaycanın birinci xanımının mərhum anası, professor Aida xanım İmanquliyevanın, - Allah ona rəhmət eləsin, - yazdığı kitabın təqdimatında iştirak edirəm. Onun müasir ərəb ədəbiyyatının korifeyləri haqqında əsərinin təqdimatında iştirak etməkdən qürur duyuram. Bir neçə ay bundan əvvəl nazir Misir Mərdanovdan bu kitabın əslini götürmüşdüm. Bu əsər dərin ağılın və zəkanın təzahürüdür.

Kitabın ilk oxucularından biri kimi tədqiqat məni valeh etdi, çünki bu istiqamətdə mən də tədqiqatlar aparırdım, əsasən də, Cübran, Ər-Reyhani, Nüaymənin yaradıcılığını araşdırmışam. O, daha dərin aparıb, bu nəşr bütün islam ölkələrində geniş əks-səda yaradacaqdır. Buradan görünür ki, müəllif ərəb ədəbiyyatı ilə yanaşı, rus, dünya ədəbiyyatını da dərindən bilirmiş. Xanım Aida İmanquliyevanın kitabı islam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanla ərəb dünyası arasında qurulan körpü olacaqdır. Ərəbistandan Atlantik okeanına qədər ərazidə oxunacaq, Mərakeşdən Bakıya qədər yayılacaq, geniş şöhrət qazanacaqdır. Bu kitabın nəşri də bizim təşkilatın məramına tam uyğundur. Allahdan Aida xanıma rəhmət diləyirəm.

Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanışam və bu məcrada davam edəcəyinə inanıram. Ərəb və İslam dünyasının ayrılmaz tərkibi olan Azərbaycanın əlaqələrinin güclənməsinə yönəldiləcək, təkcə elm, mədəniyyət sahəsində yox, digər sahələrdə də əməkdaşlıq genişlənəcəkdir.

İSESCO ilə həm Heydər Əliyev Fondu, həm də Təhsil Nazirliyi arasında yaxın vaxtlarda saziş imzalanacağına inanıram və bu, əlaqələrimizin inkişafına daha böyük təkan verəcəkdir.

Mehriban xanıma bu qurumun ən yüksək fəxri adının verilməsi ilə əməkdaşlıq bundan sonra daha da genişlənəcəkdir. İSESCO-nun tarixində ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri çərçivəsində gördüyü genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə verdiyi dəstəyə görə bu ada tam layiqdir. Cəmi 4 nəfər bu adı alıbdır. Dünyanın bu ağır günlərində, cəsarətli insanlara ehtiyac duyulduğu bir zamanda, münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanıma İSESCO-nun ən yüksək adını veririk. Bu, İSESCO-ya da, islam aləminə də şərəf gətirəcəkdir.

Baş direktor İSESCO-nun xoşməramlı səfiri diplomunu Mehriban xanıma təqdim etdi.

Heydər Əliyev Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.

Tədbir iştirakçılarına Aida xanım İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının nüsxələri paylandı.

Sonra mərasim iştirakçıları Heydər Əliyev Fondunun layihə və proqramlarını, nəşrlərini əks etdirən sərgiyə baxdılar.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət, incəsənət, din xadimləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər.

Mərasimdən sonra Mehriban xanım Əliyeva ilə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin görüşü oldu. Söhbət zamanı bu qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.