Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub
11.03.2015Martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub.
Əvvəlcə Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə müvafiq qərar oxunub.
Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə Fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.
Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnundur”.
Daha sonra Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Mehriban Əliyevaya “Hilal-e-Pakistan” ordenini təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.