Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeninin təqdim olunması mərasimi

Martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub.

Mehriban Əliyeva mərasimdə çıxış edib:

- Cənab Prezident, birinci xanım, əziz dostlar,

Pakistan İslam Respublikasının ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni ilə məni təltif etdiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan ilə Pakistanı tarixi və mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və əminəm ki, Azərbaycana etdiyiniz səfər bu əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq.

Çox şadam ki, Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl səylər göstərir. Bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur. Çox fərəhlənirik ki, birinci layihəmiz – Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır.

Fond təhsil, səhiyyə və sosial sahələrdə layihələr həyata keçirir. Pakistanın müxtəlif yerlərində bütün layihələrin icrası zamanı biz yerli əhalidən güclü dəstək aldıq və beləliklə, ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsi olan insanlar arasında təmasların geniş formatını qurduq.

Heydər Əliyev Fondunun prezidenti olaraq fərəhlənirəm ki, Fondumuz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verir. Ümidvaram ki, hər iki Prezidentin dəstəyi ilə Pakistandakı fəaliyyətimiz davam edəcək.

Bu fürsətdən istifadə edərək ölkənizin xalqına böyük hörmətimi ifadə etmək istəyirəm. Bütün bu illər ərzində ölkənizdə çoxlu sayda yaxşı dost qazanmışıq. Cənab Prezident, fəaliyyətimizə verdiyiniz bu cür yüksək qiymətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz, sizə böyük uğurlar arzulayıram. Çox sağ olun.