Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər
26.08.2018Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.
Məlumat verilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Bu vəsait hesabına Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.
Sonda xatirə şəkli çəkdirilib.