Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan “AITF-2016” sərgisi bu il 15 illik, “HOREX Caucasus-2016” sərgisi isə 10 illik yubileyini qeyd edir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxıblar.
Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionların ənənəvi ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı təqdim edilir, milli mədəniyyətimizin zəngin nümunələri qonaqlara nümayiş olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən ənənəvi stend də sərgidə yer alıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış olublar.
Sonra dövlətimizin başçısı və xanımı turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.