Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Novruz şənliklərində iştirak ediblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdılar.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxdılar.

Dövlətimizin başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış oldular.

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinlədilər, Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinin iştirakçılarında xüsusi maraq doğururdu. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxdılar. Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olundu.

İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb.

Burada da Prezident İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olundu.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.