Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Onun valideynləri o dövrün savadlı, ziyalı şəxslərindən sayılırdılar.
Üzeyir ilk təhsilini Şuşada rus-türk məktəbində almış, daha sonra Gürcüstanda, Qori Müəllimlər Seminariyasında (müəllimlər hazırlayan orta ixtisas məktəbi) oxumuşdur. Seminariyanı bitirən Hacıbəyli Bakıya gəlmiş, məktəblərdə dərs demiş, qəzetlərdə tərcüməçi, jurnalist kimi çalışmışdır.
1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya getmişdir. Bu vaxtlar o artıq “Leyli və Məcnun” operasının müəllifi kimi tanınmışdı. Bu əsərlə o, Şərqdə opera sənətinin əsasını qoymuşdu.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında böyük bəstəkarın "Koroğlu" operası ilk dəfə tamaşaya qoyulmuşdur. Bu əsər Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılır.
Üzeyir Hacıbəyli “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaların, xeyli sayda xor və orkestr əsərlərinin, romans-qəzəllərin və s. müəllifidir.
Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də vəfat etmişdir.