Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.
Prezident və xanımı SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub.
Sonra Prezident və xanımı Qolf klubunun binasında bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri, Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri və Qolf Akademiyasında təhsil alanlarla görüşüblər.
Prezident İlham Əliyev və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Sonra Prezident və xanımı layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.