Cırtdanın nağılı

Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarının bir Cırtdan adlı nəvəsi vardı. Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:
- Ay nənə, mənə də icazə ver, uşaqlarla gedim.

Qarı icazə verdi, uşaqları çağırıb hərəsinə yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı. Yolda Cırtdan yerə oturub dedi:
- Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
Yoldaşları onu növbə ilə dallarına alıb apardılar. Onun yerinə odun da yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı.

Cırtdan dedi:
- Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.

Uşaqlar əlacsız qalıb onun da odununu dallarına götürdülər. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər.

Cırtdan dedi:
- İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.

Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm." Uşaqlara bir az çörək yedirdib yatırdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:
- Kim yatıb, kim oyaq?

Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:
- Hamı yatıb, Cırtdan oyaq.

Div soruşdu:
- Cırtdan, niyə yatmırsan?

Cırtdan dedi:
- Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı.

Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.

Bir qədər keçəndən sonra div yenə soruşdu:
- Kim yatıb, kim oyaq?

Yenə Cırtdan başını qaldırıb dedi:
- Hamı yatıb, Cırtdan oyaq.

Div soruşdu:
- Cırtdan, indi niyə yatmırsan?

Cırtdan dedi:
- Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.

Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
- Bu div bizi yemək istəyir. Qalxın qaçaq.

Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər. Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa da, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:
- Ay uşaqlar, sudan necə keçdiniz?

Cırtdan tez cavab verdi:
- Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.

Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.

Səsin sürəti

Sәs dalğalarla yayılır. Vibrasiya edәn әşya öz vibrasiyasını qonşu molekullara, yaxud hissәciklәrә ötürür.

Məhəmməd Füzuli

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur.

Fitnə

Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra öz şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi.

Qızılgül

Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Göyqurşağı

Göyqurşağı təbiətin ən gözəl hadisələrindəndir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.

Böyük xeyriyyəçi

Hacı Zeynalabdin Tağıyevin atası başmaqçı idi. Bu peşəsi ilə pul qazanıb ailəsini dolandırırdı. 10 yaşına çatanda Zeynalabdin atasından xahiş elədi ki, onu bir işə qoysun.