Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2014-cü il iyulun 8-13-də Fransada səfərdə olub.
Kannda “Azərbaycan cazı” gecəsi
İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.
Mehriban Əliyeva “Azərbaycan cazı” gecəsində iştirak edib.
Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar səsləndirilib. Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.
Kann şəhərinin meri Devid Lisnard ilə görüş
İyulun 9-da Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnard ilə görüşüb.
Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Kannda “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı
İyulun 9-da Kann şəhərində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub. Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirin aparıcısı mərasim iştirakçılarına Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında məlumat verib, zəngin mədəni dəyərlərə malik olan Azərbaycanın təxminən 1 ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Mərasimdə “Bakı - Avropa Oyunları - 2015”ə həsr edilən videotəqdimat olub.
Sonra “Bakı - Avropa Oyunları - 2015”in təqdimatına həsr edilmiş ziyafət təşkil olunub. Mərasimdə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Daha sonra Kann şəhərinin məşhur Kruazett bulvarında Azərbaycan bəstəkarlarının musiqisinin sədaları altında atəşfəşanlıq olub.
Kann şəhərində “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı
İyulun 10-da Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin çıxışından sonra sərgi ilə tanışlıq olub.
Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.
Sonda Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti başlayıb.
Kannda “Bakı - Avropa Oyunları - 2015”ə həsr olunan yürüş
İyulun 11-də Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunan yürüş olub.
Kruazet bulvarı boyunca keçirilən yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Yürüşün sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisindən ibarət konsert
İyulun 11-də Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub.
Kannın Festivallar sarayında keçirilən konsertdə Mehriban Əliyeva da iştirak edib.
Kannda Azərbaycan milli geyimlərinə həsr olunmuş moda nümayişi
İyulun 12-də Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi olub.
Mehriban Əliyeva mərasimdə iştirak edib.
Layihənin təqdimatı onun fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.
Sonra italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib.
Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində Azərbaycan milli mətbəxinin də təqdimatı olub.
Kann şəhərinin sabiq meri Bernar Broşan ilə görüş
İyulun 13-də Mehriban Əliyeva Kann şəhərinin sabiq meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşan ilə görüşüb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
8-13 iyul 2014-cü il







