Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2014-cü il sentyabrın 17-19-da Fransada səfərdə olub.
“Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı
Sentyabrın 17-də Qobustanın UNESCO-da tanıtımı çərçivəsində “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub.
Mərasimdə iştirak edən Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da baş tutan təqdimatın önəmi vurğulanıb, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.
Həmin gün Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı da olub.
Parisdə “Azərbaycan şəhərciyi”nin açılışı
Sentyabrın 19-da Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Mehriban Əliyeva mərasimdə iştirak edib.
Açılış mərasiminə Parisin 6-cı rayonunun meri Jan-Pyer Lökoq və Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel də qatılıblar.
“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkilində əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığının təmin olunmasıdır.
Mehriban Əliyeva tədbirdə çıxış edib.
Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq olub.
Tədbir tanınmış caz ifaçısı, Əməkdar artist İsfar Sarabskinin konserti ilə davam edib.
17-19 sentyabr 2014-cü il







