Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2014-cü il iyunun 2-3-də İtaliyada səfərdə olub.
Roma Papası Fransisk ilə görüş
Mehriban Əliyeva iyunun 2-də Roma Papası Fransis ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Vatikan arasındakı ikitərəfli əlaqələr, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi işlər müzakirə olunub.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb.
Mehriban Əliyeva Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb.
2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan Mehriban Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib, Roma Papası Fransisi də Azərbaycana səfərə dəvət edib.
Dəvəti qəbul edən Roma Papası Fransis Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı məlumatlı olduğunu bildirib.
Vatikanın Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası bu istiqamətdə Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib. O, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Vatikan Apostol Kitabxanası ilə tanışlıq
Mehriban Əliyeva iyunun 2-də Vatikan Apostol Kitabxanası ilə tanış olub.
Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi layihələr haqda məlumat verilib, 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edilib.
Birinci xanım kitabxanada Xəzər dənizi regionu və Orta Şərq bölgəsini əhatə edən xəritələrə baxıb.
Sonra Mehriban Əliyeva və Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə imzalayıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüş
İyunun 2-də Mehriban Əliyeva Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Kardinal Vatikan ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə və Müqəddəs Roma katakombalarının bərpasına görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Mehriban Əliyeva səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını kardinala çatdırıb, onu yenidən Bakıya səfərə dəvət edib.
Görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi haqda məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Roma katakombaları ilə tanışlıq
Mehriban Əliyeva iyunun 2-də Vatikanda Müqəddəs Yelena adına mavzoley və Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Roma katakombaları ilə tanış olub.
Piyo-Klementino muzeyi ilə tanışlıq
İyunun 3-də Mehriban Əliyeva Piyo-Klementino muzeyi ilə tanış olub.
Muzeylə tanışlıqdan sonra Mehriban Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olub.
Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqa ilə görüş
İyunun 3-də Mehriban Əliyeva Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqa ilə görüşüb.
Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.
Sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Roma şəhərinin meri İqnatsio Marino ilə görüş
Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya əlaqələri, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr müzakirə olunub.
Mehriban Əliyeva İqnatsio Marinonu Azərbaycana səfərə dəvət edib.
Görüşdən sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar haqda məlumat verilib. Roma meri bu layihəni Azərbaycanla birgə həyata keçirmək arzusunda olduğunu söyləyib. Mehriban Əliyeva isə Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
2-3 iyun 2014-cü il