İyunun 17-də “Baku Crystall Hall”da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə daha iki çəki dərəcəsində yarışlar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarışları izləyiblər.
Kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşıb. Ayxan Tağızadə rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Bu mərhələdə isə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxıb.
Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə qazanan idmançımız birinci Avropa Oyunlarının çempionu adını qazanıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.