İyunun 17-də “Bakı-2015” birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının növbəti oyunları keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadınlardan ibarət Azərbaycan yığmasının İtaliya millisi ilə keçirdiyi görüşü izləyiblər.
“A” qrupunda yer alan Azərbaycan yığması İtaliya millisi ilə keçirdiyi görüşün birinci setində 25:22 hesabı ilə qalib gəlib. İkinci setdə 25:20 hesabı ilə rəqiblərindən üstün olan voleybolçularımız üçüncü setdə italiyalılara 22:25 hesabı ilə məğlub olublar. Görüşün taleyi dördüncü setdə həll olunub. Bu seti Azərbaycan yığması 25:22 hesabı ilə qalib başa vurub.