İtaliyanın xəbər portallarında Azərbaycan-Vatikan əməkdaşlığının möhkəmlənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələrindən bəhs edilib
20.11.2021İtaliyanın “Eldebate” və “Nova” portallarında Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayevlə müsahibə dərc olunub.
Müsahibələrdə Azərbaycan-Vatikan münasibətlərindən söz açılıb. Bildirilib ki, Azərbaycan Vatikan ilə tərəfdaşlığını gücləndirməyi hədəfləyib və tezliklə Müqəddəs Taxt-Tac yanında diplomatik missiyamız açılacaq.
“Vatikanla mədəniyyət, təhsil sahələrində çox möhkəm tərəfdaşlığımız, eləcə də qarşılıqlı hörmətə, anlaşmaya və əməkdaşlığa, güclü siyasi dialoqa əsaslanan əlaqələrimiz var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın töhfələri sayəsində əməkdaşlığımız möhkəmlənib. Heydər Əliyev Fondu Vatikanda Müqəddəs Pyotr Bazilikasında katakombaların təmirindən başlayaraq bir çox humanitar layihələr həyata keçirib. Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb”, - deyə R.Mustafayev bildirib.
Səfir 44 günlük Vətən müharibəsi, müharibədən sonra ölkəmizin azad edilmiş torpaqlarımızda apardığı yenidənqurma işlərindən danışıb. Qarşıda duran əsas prioritetlərə azad edilmiş ərazilərin erməni minalarından təmizlənməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, iki ölkə arasında delimitasiya və demarkasiya işlərinin aparılması və sülh müqaviləsinin imzalanması kimi məsələlərə toxunub.
R.Mustafayev vurğulayıb ki, fiziki olaraq sülh vəziyyəti mövcuddur, ancaq qanuni sülh müqaviləsi hələ imzalanmayıb. Bu çox vacibdir. Sülh müqaviləsi olmadan regionda sülh və davamlı təhlükəsizlik mühitinə vaxt zəmanət vermək çətindir.