İtaliyanın “Eurasianews” xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyeva haqqında məqalə yayıb
31.08.2020İtaliyanın “Eurasianews” xəbər agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalə yayıb.
Məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, xeyirxah əməllərindən, sivilizasiyalararası dialoqa töhfələrindən, Azərbaycanın dünyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edilir.
AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazıda xüsusilə oxucuların diqqəti Mehriban Əliyevanın UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, mədəniyyətlərarası dialoqun, multikultural dəyərlərin təşviqi işinə verdiyi töhfələrə cəlb olunur. Vurğulanır ki, Birinci vitse-prezidentin fəaliyyəti təkcə öz ölkəsinin maddi və mənəvi mədəni irsinin təbliğinə deyil, eyni zamanda, dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.
Məqalədə oxuculara Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində gördüyü işlər də diqqətə çatdırılır. Bildirilir ki, onun fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr edib. Bundan başqa, Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan hərbçilərə qayğı göstərir. Onun təşəbbüsü ilə ölkədə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində irimiqyaslı layihələr icra edilir.