Özbəkistana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfər edib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb 

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdiriblər.

Görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev çıxış ediblər.

Özbəkistanın birinci xanımı ilə görüş

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşü olub.

“Özbəkistanın rəngləri” adlı sərgi ilə tanışlıq

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.

Sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur.

Səmərqənddə təşkil olunan şam yeməyi

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.

Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.

Səmərqənddə təşkil olunan nahar

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan naharda iştirak ediblər.

Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalanıb

Noyabrın 11-də Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb.

Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.

“Zamanın ilğımları” adlı sərgi ilə tanışlıq

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.

Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fraqmentləri, ustaların və sənətkarların əl işləri təqdim edilir.

10-11 noyabr 2022-ci il