Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib

İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

“Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub.

Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

Uşaqların iştirakı ilə yaradılan “Keçə” rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edilib.

İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

Sonra Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət edib. On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söyləyib. Deyib ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Mehriban Əliyevaya təşəkkürünü bildirib. Uşaqların arzuları ilə maraqlanan Mehriban Əliyeva sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini deyib. Qeyd edib ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Mehriban Əliyevaya musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söyləyiblər, mahnı ifa ediblər.

Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzulayıb.