Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib.

Məlumat verilib ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. Uşaqlar da Mehriban Əliyevanınətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşüblər, məharətlərini nümayiş etdiriblər, rəqs edib, mahnılar oxuyublar, şeirlər söyləyiblər.

Bildirilib ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər.

Mehriban Əliyeva yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlanıb.

XXX

Sonra Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib.

Məlumat verilib ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirilib ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir.

Mehriban Əliyeva şagirdlərlə söhbət edib, onlara dərslərində uğurlar arzulayıb:

- Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun.

Bildirilib ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb.

XXX

Daha sonra Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub.

Məlumat verilib ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Diqqətə çatdırılıb ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək, Azərbaycanın ali məktəblərinə qəbul olunub.

Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlanıb, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirib.

Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.