Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva Mərkəzin açılış mərasimində çıxış edib:

- Hörmətli Anna xanım.

Xanımlar və cənablar, əziz dostlar.

Bu gün bizim sevimli paytaxtımızın mərkəzində, qədim İçərişəhərdə görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi açılıb. Bu, çox əlamətdar və rəmzi məna daşıyan hadisədir. Ona görə əlamətdardır ki, bu Mərkəz ölkəmizin mədəni, ədəbi, mənəvi, ictimai-siyasi irsinə mühüm töhfələr verən böyük insanın, görkəmli Azərbaycan yazıçısının xatirəsini əbədiləşdirir. Eyni zamanda, bu, çox rəmzi məna daşıyır. Səbəbini izah etmək üçün mən sizə bu evin tarixi haqqında qısa məlumat vermək istəyirəm. Bu, çox maraqlıdır. Dinləyin: Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina 1914-cü ildə onun babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Zivərbəy Əhmədbəyov tərəfindən inşa olunub. Yazıçının anası, 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə də buradan köçürülüb. İnqilabdan sonra XX əsrin 70-ci illərinədək bina kommunal mənzillərin olduğu yaşayış evi kimi istifadə edilib. 1941-1945-ci illərdə - Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisi bomba sığınacağı kimi fəaliyyət göstərib. 1978-ci ildən bu binada Sülhü Müdafiə Komitəsi yerləşib. 1983-2016-cı illərdə həmin komitəyə Maqsud İbrahimbəyov rəhbərlik edib. Komitə vətənpərvərliyin təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olub. 1993-cü ildən Maqsud İbrahimbəyovun sədrlik etdiyi dünyanın peşəkar yazıçılarını birləşdirən yeganə beynəlxalq təşkilatın bir hissəsi olan Azərbaycanın “PEN klub”u bu binada fəaliyyət göstərib. 1999-cu ildən binada Maqsud İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaratdığı “Əsilzadələr Məclisi” fəaliyyət göstərib. Bina 2001-ci ildən İçərişəhər Dövlət Qoruğunun tarixi abidələr siyahısına daxil edilib. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir və bərpa işləri aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 1 fevral tarixli Sərəncamı ilə bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb.

Əziz dostlar, bina hörmətli Maqsud müəllimin ailəsi tərəfindən ailə üçün inşa olunub. Yüz ildən artıq müddət keçəndən sonra biz böyük bir insanın, görkəmli yazıçı Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzini açdıq. Hesab edirəm ki, indi biz hamımız tarixi ədalətin təntənəsinin şahidləriyik və bu, çox gözəldir. Son dərəcə parlaq, çoxşaxəli, qeyri-adi, hədsiz istedadlı insan - Maqsud müəllim təəssüf ki, artıq iki ildir aramızda yoxdur. O, əsl vətənpərvər idi. O, bütün qəlbi ilə Azərbaycana, öz torpağına bağlı idi. O, cəsarətli vətəndaş mövqeyi olan insan idi. O, öz ideallarını və prinsiplərini bütün həyatı boyu dəyişməyib. O, uzun ömrünü səmimi, hər şeylə maraqlanan, biganəlikdən uzaq bir insan kimi yaşadı. O, həyatdan getdi, ancaq onun əsərləri, böyük bədii-mənəvi irsi - kitabları, pyesləri, ssenariləri, esseləri qaldı. Onun hər bir əsəri bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq. Onun hər bir əsəri yaşayır. Buna görə də Maqsud müəllim yaşayır. İnsanlar - onun dostları, yaxınları, doğmaları, onu sevən, ona hörmət edən, həyatının bütün mərhələlərində onun yanında olan insanlar qalır. Ən əsası da, Maqsud müəllimin ilham pərisi Anna xanım buradadır. Anna xanım, mən təşəbbüsünüzə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki məhz sizin təşəbbüsünüz sayəsində bu gün bu Mərkəz açılır. Mən sizinlə daha yaxın ünsiyyətdə olduğum bu bir neçə ildə sizə böyük hörmət bəsləyirəm, sizi çox sevirəm. Amma bu Mərkəzin yaradılması üzərində sizinlə birlikdə işləyərkən sizin iradi qüvvənizə, səbrinizə heyran qalmışam. Çünki mən başa düşürəm ki, bu şəxsi əşyaları, arxivləri yığmaq, onları sistemləşdirmək asan deyildir. Bu gün də sizin üçün asan deyil. Bu gün siz yəqin ki, ikili hisslər keçirirsiniz. Bir tərəfdən, sevimli və doğma insanın yanınızda olmamasından doğan qüssə və ağrı, digər tərəfdən, yəqin sevinc hissi keçirirsiniz ki, bu ocaq, bu ev, bu Mərkəz var.

Mən, ilk növbədə, bu Mərkəzin yaradılmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Heydər Əliyev Fondunun əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çünki biz hamımız böyük məhəbbət və məsuliyyətlə bu işə yanaşdıq. Bu Mərkəz Maqsud müəllimin adına layiq olmalı idi. Arzulayırdıq və əlbəttə çalışırdıq ki, biz hər şeydən əvvəl binanın tarixi simasını bərpa etməklə yanaşı, onun daxilində hər zaman Maqsud müəllimin özünün yaratdığı atmosfer hiss olunsun. O, əsl istedadlı insan kimi elə müsbət enerji aşılayırdı ki, onunla bir dəfə ünsiyyətdə olduqdan sonra sanki sehrlənir və onun yanında olmaq istəyirdin. Mən çox ümid edirəm ki, bu ev də belə olacaq. Ona görə, bir daha demək istəyirəm, bizim hörmətli Maqsud müəllimin Yaradıcılıq Mərkəzini məhz bu evdə açmağımız tamamilə ədalətlidir. Çox istəyirəm ki, burada onun bəyəndiyi, yaratdığı və yaşadığı mühit olsun. Düşünürəm ki, bu yer istedadlı gənclərin müxtəlif görüşlərinin keçirildiyi, azərbaycanlı yazıçıların, ədiblərin dəstəkləndiyi, ədəbi-bədii gecələrin təşkil olunduğu məkan olacaq. Yəni, mən ümid edirəm, sadəcə ümid etmirəm, həm də bilirəm ki, Mərkəzə Anna xanım rəhbərlik edəcək. Ona görə də əminəm ki, başqa cür ola da bilməz. Burada məhz Maqsud müəllimin arzu etdiyi kimi olacaq. Ruhu şad olsun!

Mən sizin hamınıza, ilk növbədə, Anna xanım, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Qoy, siz uzun illər sağlam, gümrah, bugünkü kimi gözəl olasınız və hamıdan artıq sizə məlum olan və təəssüf ki, Maqsud müəllimin həyata keçirməyə macal tapmadığı ideya və fikirlərini gerçəkləşdirəsiniz. Çox sağ olun.