Mehriban Əliyeva Kolumbiya senatının vitse-prezidenti Daira de Xesus Qalvis Mendeslə görüşüb
29.09.2016Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Xesus Qalvis Mendeslə görüşüb.
Bakı Beynəlxalq Humanitar Forumunun artıq beşinci dəfədir keçirildiyi, bu tədbirdə iştirak edən ölkələrin sayının getdikcə artdığı bildirilib. “Əsas odur ki, Forumun nəticələri həyata keçirilsin”, - deyən Mehriban Əliyeva tədbirdə diqqət mərkəzində duracaq məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb.
Kolumbiyanın Xocalı soyqırımını tanıyan 10 ölkədən biri olduğu qeyd edilib, Azərbaycan xalqının Kolumbiyanın bu addımını çox yüksək dəyərləndirdiyi diqqətə çatdırılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən böyük problem olduğu bildirilib.
Kolumbiya Konqresindən Forumda 3 senatorun iştirak etdiyini deyən Daira de Xesus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.































