Vatikana səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı il fevralın 23-də Vatikanda səfərdə olub.

Mehriban Əliyeva Vatikanda bir sıra görüşlər keçirib

Fevralın 23-də Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində Pio-Klementino muzeyində olub. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.

Vatikan Muzeyinin direktoru Antonio Paolucci Heydər Əliyev Fonduna və şəxsən Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Mehriban Əliyeva bundan sonra da müvafiq sahədə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Vatikanın dövlət qubernatoru, kardinal Cuzeppe Bertello Azərbaycan dövlətinə və xüsusən də Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. O, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında bu cür dialoqların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Mehriban Əliyeva da ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu söyləyib.

Mehriban Əliyeva Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxıb.

Muzeyin Sistina zalında olan Mehriban Əliyevaya zalın tarixi və buradakı sənət əsərləri barədə məlumat verilib.

Mədəniyyət üzrə Papa Şurasında Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi arasında görüş olub.

Sonra Müqəddəs Sebastian sərdabələrinin bərpası üzrə müqavilə imzalanıb. Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi imzalayıblar.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimi

Fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

Mehriban Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimatda iştirak edib.

Muzeyin direktoru Rita Paris Mehriban Əliyevanı və digər qonaqları salamlayıb.

Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib.

Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi olub.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğulayıb.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış olub.

Daha sonra Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasının əks olunduğu lövhənin üzərindən ağ örtük götürülüb.

Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq ediblər.

23 fevral 2016-cı il