Arı
Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Səhər güllər açınca,
Gözəl qoxu saçınca
Uçaram göy yamaca,
Çiçək açmış ağaca,
Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;
Şirəsini çəkərəm,
Pətəyimə tökərəm,
Çalışıram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.
Abdulla Şaiq