Fransaya səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2015-ci il sentyabrın 3-8-də Fransada səfərdə olub.

Fransa prezidenti Fransua Olland ilə görüş

Sentyabrın 3-də Mehriban Əliyeva Yelisey sarayında Fransa prezidenti Fransua Olland ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa prezidenti Fransua Olland Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib. Fransanın Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğulayıb.

Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüş

Sentyabrın 3-də Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin böyük potensialının olduğu vurğulanıb. Ölkələrimizin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Mehriban Əliyeva Fransanın bu münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının baş katibi Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirib.

Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin açılışı

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf  Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb.

Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri, nüfuzlu media orqanlarının nümayəndələri, Paris sənətsevərləri açılış mərasimində iştirak ediblər.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif  illərdə çəkdiyi fotolar nümayiş etdirilib. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edib.

Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı

Sentyabrın 3-də Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare və Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel də mərasimdə çıxış ediblər.

“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcikdə ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunub. Şəhərcik avqustun 29-dan sentyabrın 9-dək fəaliyyət göstərib. 

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüş

Sentyabrın 3-də Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.

Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub.

Mehriban Əliyeva konfransda çıxış edib.

“Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib.

Mehriban Əliyeva tədbirdə iştirak edib.

Konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib.

Gecənin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaradıb və tamaşaçıların böyük marağına səbəb olub.

3-8 sentyabr 2015-ci il