Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans
08.09.20152015-ci il sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva konfransda çıxış edib:
- Hörmətli konfrans iştirakçıları.
Xanımlar və cənablar.
Əziz qonaqlar.
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.
Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik.
Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir.
Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.
Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir.
Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir.
Təsadüfi deyil ki, son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir.
Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə görüşlər, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac böyükdür. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. Bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq. Bu ilin əvvəlində Parisdə baş verən faciəvi hadisələri hamımız yaxşı xatırlayırıq. Əlbəttə, bu meyillər, dünyada gedən proseslər bizim hamımızı narahat edir. Lakin bu gün yalnız narahat olmaq kifayət deyil. Fikrimcə, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təşkilatların və xüsusən də medianın bu məsələlərdə məsuliyyəti artmalıdır.
Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və soyqırımı ilə üzləşib. Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib.
Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz töhfəsini verməyə hazırdır.
Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bu gün bu konfransda iştirak etdiyinizə görə hər birinizə bir daha öz dərin minnətdarlığımı bildirirəm, xalqlarımıza sülh və əmin-amanlıq arzu edirəm. Çox sağ olun.