Fransaya səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2015-ci il iyulun 14-15-də Fransada səfərdə olub.

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.

Fransanın tanınmış ictimai-siyasi xadimlərinin, nüfuzlu şəxslərinin qatıldığı tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib.

Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı

İyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir.

Sərgidə Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri – milli xalça eskizləri əsasında modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim edilir.

14-15 iyul 2015-ci il