İtaliyaya səfər

2015-ci il iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün İtaliya Respublikasına işgüzar səfərə gediblər.

“Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışı

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu tərəfindən “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə videoəlaqə yaradıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva Prezident İlham Əliyevi salamladı.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verildi.

Pavilyonla tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev “Milan Expo 2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak etdi. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi və dövlət bayraqları qaldırıldı.

 “Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino çıxış etdi.

Sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış oldular.

Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazdı.

8-9 iyul 2015-ci il