Fransaya səfər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2007-ci il aprelin 2-4-də Fransada səfərdə olub.
Fransanın Baş nazirinin xanımı Marillor de Vülpenlə görüş
Aprelin 2-də Mehriban Əliyeva Fransa Baş nazirinin iqamətgahında hökumət başçısı Dominik de Vülpenin xanımı Marillor de Vülpenlə görüşüb.
Xanım de Vülpen Mehriban Əliyevaya Parisin ən qədim memarlıq abidələrindən olan Matinyon sarayının tarixi barədə danışdı, onu ayrı-ayrı salonlarla tanış edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, Marillor de Vülpenin rəhbərlik etdiyi Cəmiyyətlə Heydər Əliyev Fondu arasında müxtəlif məsələlər üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra Marillor de Vülpenin adından Mehriban Əliyevanın şərəfinə nahar verilib.
Parisin Neker xəstəxanası ilə tanışlıq
Aprelin 2-də Mehriban Əliyeva Parisin talassemiya xəstələrinin müalicə olunduğu Neker xəstəxanasında olub.
Baş pediatriya şöbəsinin müdiri və talassemiya xəstəliyi üzrə baş mütəxəssis xanım Marian de Montalanberm xəstəxana barədə Mehriban Əliyevaya məlumat verdi. Mehriban Əliyeva xəstələrə baş çəkdi.
Birinci xanıma Parisdəki xəstəxanaların tarixindən və fəaliyyətindən bəhs edən kitab hədiyyə edildi. Mehriban Əliyeva xəstəxanaya xatirə hədiyyəsi verdi.
Parisdə zinət əşyaları sərgisi ilə tanışlıq
Aprelin 2-də Mehriban Əliyeva Parisdə Lüksemburq Muzeyinin binasında açılmış zinət əşyaları sərgisində olub.
Mehriban Əliyevaya sərginin tarixi, burada nümayiş etdirilən zinət əşyaları, müxtəlif qiymətli daşlar barədə məlumat verilib.
Fransa Senatının sədri Kristian Ponsöle ilə görüş
Mehriban Əliyeva aprelin 2-də Fransa Senatının sədri Kristian Ponsöle ilə görüşüb.
Kristian Ponsöle Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin son dövrdə daha da inkişaf etməsindən razı qaldığını bildirdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu xüsusi vurğuladı.
Mehriban Əliyeva cənab Ponsöleni Azərbaycana səfərə dəvət etdi. Senatın sədri dəvəti qəbul etdi və yaxın vaxtlarda Azərbaycana gələcəyini bildirdi.
Görüşdən sonra Kristian Ponsöle Mehriban Əliyevanı Senatın binasının tarixi, ayrı-ayrı salonları, keçmiş tarixdən xəbər verən əşyalarla, parkla tanış etdi, dünyanın müxtəlif ölkələrindən gətirilərək parkda əkilmiş gül və bəzək kolları, nadir ağac növləri barədə məlumat verdi.
Sonda xatirə şəkli çəkdirildi, Mehriban Əliyevanın şərəfinə ziyafət verildi.
Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağı
Aprelin 3-də Parisdə UNESCO-nun əsas iqamətgahında qurumun xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağı keçirilib.
Mehriban Əliyeva yığıncaqda çıxış edib.
Litva prezidenti Valdas Adamkus ilə görüş
Aprelin 3-də, UNESCO-nun illik hesabat yığıncağından sonra Mehriban Əliyeva Xoşməramlı səfir, Litvanın Prezidenti Valdas Adamkusla görüşüb.
İordaniya kraliçası Raniyə əl-Abdullah ilə görüş
Aprelin 3-də Mehriban Əliyeva İordaniya kraliçası, UNESCO-nun xoşməramlı səfiri Raniyə əl-Abdullah ilə görüşüb.
Görüşdən sonra İordaniya mahnı və rəqslərinin təqdim edildiyi “İordaniya inciləri gecəsi” adlı konsert olub.
Sonda ziyafət təşkil olunub.
Fransa xarici işlər nazirinin xanımı Dominik Kantyen ilə görüş
Mehriban Əliyeva aprelin 4-də Fransanın xarici işlər nazirinin xanımı Dominik Kantyen ilə görüşüb.
Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin inkişafından danışılıb.
Fransanın mədəniyyət və kommunikasiya naziri Reno Donnedyö de Vabr ilə görüş
Aprelin 4-də Mehriban Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Reno Donnedyö de Vabr ilə görüşüb.
Fransa Milli Assambleyasının sədri Patrik Olye ilə görüş
Mehriban Əliyeva aprelin 4-də Fransa Milli Assambleyasının sədri Patrik Olye ilə görüşüb.
Söhbət zamanı iki ölkə arasındakı münasibətlərə dair fikir mübadiləsi aparılıb.
2-4 aprel 2007-ci il