Rumıniyaya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2008-ci il aprelin 2-4-də Rumıniyada səfərdə olublar.

Aprelin 2-də Buxarest beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Mihay Georgiu və digər rəsmi şəxslər qarşıladılar.

Rumıniya Baş nazirinin adından dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət

Aprelin 2-də Buxarestdə, Viktoriya sarayında Rumıniyanın Baş naziri Kelin Popesku-Teriçanunun adından NATO sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Buxarestdə dövlət və hökumət başçıları xanımlarının görüşü

Aprelin 3-də Buxarestdə, Milli muzeydə NATO-nun sammitində iştirak edən dövlət və hökumət başçılarının xanımlarının görüşü olub.

Rumıniya Prezidentinin xanımı Mariya Besesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və digər qonaqları qarşıladı.

Çay süfrəsi arxasında keçən görüşdə Azərbaycan və ABŞ prezidentlərinin xanımları Mehriban Əliyeva və Lora Buş söhbət etdilər, daha sonra xanımlar muzeylə tanış oldular.

Mehriban Əliyeva muzeyin fəxri qonaqlar kitabını imzaladı.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə tanışlıq

Aprelin 3-də Mehriban Əliyeva Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində olub.

Fondun prezidentinə nümayəndəliyin fəaliyyəti barədə məlumat verildi.

Dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul

Aprelin 3-də Buxarestin “Hilton” mehmanxanasında Rumıniya Prezidenti Trayan Beseskunun adından NATO-nun sammitində iştirak edən dövlət və hökumət başçılarının və onların xanımlarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rumıniya paytaxtında ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olublar.

Dövlət başçısı və xanımını yerli hakimiyyət orqanının rəhbəri qarşıladı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoydular.

2-4 aprel 2008-ci il