Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim
09.09.20042004-cü il sentyabrın 9-da Parisdə Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilib.
Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Hörmətli cənab Baş direktor!
Hörmətli xanımlar və cənablar!
İcazə verin, Xoşməramlı səfir kimi yüksək ada layiq görüldüyümə görə UNESCO-ya və cənab Matsuura, şəxsən Sizə, öz dərin minnətdarlığımı bildirim.
UNESCO-nun əsas prinsiplərindən biri dünya mədəniyyətinin nadirliyini gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Mən də öz fəaliyyətimdə bu prinsipi əsas tuturam. Ona görə mənə bu yüksək adın verilməsi mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Bu, mədəniyyətlər və sivilizasiyalar arasında, keçmişlə bu gün arasında əlaqə yaratmaq məsuliyyətidir.
Azərbaycanı çox vaxt Qərblə Şərq arasında körpü adlandırırlar. Bu, hələ tarixi Böyük İpək yolu dövründən ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik.
Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur.
Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətənidir. Bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş xalqımız, həqiqətən də, böyük xalqdır.
Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi UNESCO çərçivəsində qeyd olunmuş "Kitabi-Dədə Qorqud" eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün, yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə UNESCO-nun rolu, şübhəsiz ki, çox böyükdür.
Yeri gəlmişkən, mən UNESCO tərəfindən qeyri-maddi irsin qorunması haqqında Konvensiyanın qəbul edilməsində cənab Matsuuranın böyük xidmətini vurğulamaq istərdim.
Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bu günə qədər qoruyub saxladığı və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə xidmət edir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir.
Azərbaycan xalqı öz yaddaşını, dilini, musiqisini, eposlar yaratmaq bacarığını bir çox nəsillər boyu yaşada bilmişdir. Bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin dəyərli nümunələri bütün bəşəriyyətin sərvəti hesab olunur. Mənə bu gün verilən fəxri adı, hər şeydən əvvəl, UNESCO-nun prinsiplərinə sadiq olmağımın ifadəsi kimi qəbul edirəm.
Sizi əmin etmək istəyirəm ki, bu yüksək mükafat məni və başçılıq etdiyim Azərbaycan Mədəniyyətinin Dostları Fondunu mədəni irsimizin qorunması naminə daha böyük səylə çalışmağa sövq edəcəkdir.
Fəaliyyətimə verilmiş bu yüksək qiymətə görə bir daha təşəkkürümü bildirirəm.