Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səadət sarayının açılışında iştirak ediblər
05.07.2012İyulun 5-də Bakı şəhərindəki Səadət sarayı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov binada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlanıb. Binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanmış layihəəsasında həyata keçirilib. İnteryerdə aparılan təmir-bərpa işləri xüsusi zövq və dizaynla, ən əsası isə tarixi görkəm saxlanılmaqla həyata keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sarayın təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldular.
Qeyd edək ki, Bakının memarlıq ansamblında özünəməxsus yeri olan Səadət sarayının binası məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilib. Bina polyak mənşəli arxitektor İosif Ploşkonun layihəsi əsasında “Qasımov qardaşları” şirkəti tərəfindən tikilib. Saray Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkəəhəmiyyətli tarixi və memarlıq abidəsi kimi qeydə alınıb.