Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas

İyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda iştirak edib.

Birinci xanım Mehriban Əliyeva plenar iclasda çıxış edib:

- Xanımlar və cənablar, hörmətli dostlar, həmkarlarım

Əvvəlcə, mən sizin hamınızı salamlamaq istərdim. Krans Montana Forumunun bütün iştirakçılarını Bakı şəhərində salamlayır

Biz bu forumu elə bir şəhərdə keçiririk ki, bu şəhər beynəlxalq müstəvidə mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına xidmət edən bir məkandır. Mən Krans Montana Forumunun prezidenti Karteronu və İSESCO-nun baş direktoru əl-Tüveycrini burada xüsusilə qeyd etmək istərdim. Onlara bu forumda iştiraklarına görə təşəkkürümü bildirmək istərdim.

Ümidvaram ki, siz bizim ölkəmizdə, şəhərimizdə çox gözəl vaxt keçirəcəksiniz və Bakının gözəlliklərindən feyziyab olacaqsınız

Beləliklə, bu iclasın mövzusu doğrudan da çox önəmlidir. Ona görə ki, qadınların hüquqlarının təşviqi və gender bərabərliyi məsələləri hələ ki, gündəlikdə durur. Mən əminəm ki, müzakirələrimiz bizə imkan yaradacaqdır ki, bu mövzularla bağlı doğrudan da çox yaxşı və səmərəli fikir mübadiləsi aparılsın.

Mən qadın olaraq siyasi və iqtisadi azadlıqlara üstünlük verirəm. Bu, qadınlara imkan verəcəkdir ki, onlar ölkənin bütün həyatında, bütün siyasi-iqtisadi sahələrində fəal iştirak edə bilsinlər. Bununla da onlar öz azadlıqlarını bərqərar etmiş olacaqlar. Qadınların iqtisadi azadlığı kişilərlə bərabərlikdə onlara əmək azadlığı və digər azadlıqları vermiş olacaqdır.

Qadınlar uzun müddət tarixdə öz haqları uğrunda mübarizə aparmışlar. Məsələn, 1983-cü ildə Hollandiyada qadınların hərəkatı hamının yadındadır. Bundan başqa, Şərqdə ilk dəfə səsvermə hüququnun qadınlar tərəfindən qazanıldığı hamının gözəl yadındadır. Həmçinin qadınlar get-gedə dövlət dairələrində daha yüksək yerlər tuturlar.

Qeyd etdiyim kimi, qadınlar digər sahələrdə olduğu kimi, iqtisadi azadlıqların qazanılmasında da uğurlar əldə etmişlər. Müxtəlif ölkələrdə yaşayan qadınların nailiyyətləri bu mübarizənin çox uğurlu olduğunu göstərir. Əksər ölkələrdə qadınlar onlara məxsus olan əmlak ilə bağlı çox çətinliklərlə rastlaşmışlar. Bu proseslər indi də davam edir. Milyonlarla qadının fundamental azadlığı hər gün – hətta üçüncü minillikdə də pozulur. Ayrı-seçkilik dünyanın çox yerlərində - həm Şərqdə, həm də Qərbdə müxtəlif formalarda mövcuddur.

Bugünkü tədbirimiz kimi tədbirlər həm qadınların rastlaşdığı problemlərin müzakirəsinə, eyni zamanda, təcrübələrimizi bölüşməyə, bir-birimizdən öyrənməyə, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların qadınların hüquqlarının təşviqi işinə cəlb olunmasına imkan yaradır.

Hörmətli dostlar, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir.

Azərbaycan 20 il bundan əvvəl öz müstəqilliyini yenidən qazanmışdır. Açıq cəmiyyət, demokratiya və inkişaf yolunu tutan ölkəmiz dövlətçiliyin qurulması sahəsində çoxlu çətinliklərlə üzləşmişdir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Bunun nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemləri durur.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Bizim sürətli iqtisadi inkişafımız dünyanın rekordlarını vurmuşdur. Sürətli iqtisadi inkişafımız Azərbaycan qadınları üçün yeni imkanlar açmışdır. Azərbaycan qadınları fəal surətdə ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərir, dövlət qulluqçuları, parlament üzvləri, vətəndaş cəmiyyətinin fəalları kimi çalışırlar. Bundan başqa, qadınlar arasında çox bacarıqlı tələbələr, müəllimlər, professorlar vardır. Həmçinin qadınlarımız prioritet məsələlərdə çox fəaldırlar. Məsələn, biz Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul etdik. Bundan başqa, 2008-ci ildən ölkədə qadın məsələləri üzrə Tədbirlər Planını həyata keçiririk. Bu Plana əsasən, qadınların sosial-iqtisadi hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə qədim tolerantlıq ənənələri vardır.

Biz müxtəlif beynəlxalq forumlarda iştirak etmişik. Bu forumlarda çoxşaxəli biliklərimizi, bu sahədə olan təcrübələrimizi bölüşmüşük. Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən mədəniyyətlərarası dialoq da, bu forum da qadınların cəmiyyətdə nə dərəcədə fəal rol oynamasını, bu sahədə nə qədər fəal olmasını bir daha göstərmişdir.

Hörmətli xanımlar və cənablar, biz XXI əsrdə də ədalətsizliklə rastlaşırıq. Təəssüf ki, bugünkü həyatda bizim uşaqlarımız hələ də müharibələrin, müxtəlif münaqişələrin, qəddarlıqların baş verdiyi, tolerantlığın olmadığı bir dünyada yaşayırlar. Çox önəmli olan insan hüquq və azadlıqları qorunmalıdır. Bundan başqa, BMT-nin Minilliyin İnkişaf Məqsədləri geniş şəkildə, vaxtında yerinə yetirilməlidir.

Xanımlar və cənablar, mən əminəm ki, bu görüşümüz insan haqlarının, xüsusilə də qadın haqlarının, hüquqlarının qorunması sahəsində bütün məqsədlərimizə nail olmaq üçün bizə kömək edəcəkdir.

Mən sizə bizimlə bu gün olduğunuza görə, bu iclasda iştirak etdiyinizə görə təşəkkür etmək istərdim. Sizə xoşbəxtlik, uğurlar və rifah arzu etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.