Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak ediblər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak ediblər. Azərbaycan Prezidenti və xanımı elektromobillərlə yeni bulvarın ərazisini gəzib, burada yaradılmış şəraitlə tanış olublar.

Yenidənqurma və abadlıq işləri nəticəsində ərazidə yaşıllıq zolağından avtomobil yolunadək uzanacaq daha bir xətt inşa olunub. Bu xətt bulvar ərazisində hərəkət edən avtomobillər, qatarlar, kiçik ölçülü gəzinti avtobusları üçün nəzərdə tutulub. Yeni ərazidə velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verən xüsusi xətt də salınıb.

Bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılıb. Gələcəkdə isə bulvarın uzunluğu 25 kilometrə çatdırılaraq, Zığ və Şıx çimərliklərini birləşdirərək böyük bir istirahət zonasına çevriləcəkdir. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaqdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhər əhalisinin və Bakıya gələn qonaqların istifadəsi üçün nəzərdə tutulan gəzinti gəmilərində yaradılan şəraitlə də tanış olublar. Dövlət başçısı yeni bulvar xətti boyunca salınan piyada keçidlərinə də baxıb.