Mehriban Əliyeva Kann şəhərinin meri Bernar Broşanla görüşüb
05.07.2013Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb. Görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyəti vurğulanıb, şəhər ictimaiyyəti və turistlər arasında bu tədbirlərin doğurduğu əks-sədadan məmnunluq ifadə olunub.
Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.
Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb, artıq bu istiqamətdə bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.
Bernar Broşan Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.
Böyük Səkkizliyin bu şəhərdə keçirilmiş sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanmış heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi də Mehriban Əliyevaya təqdim olunub.