Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 9 may - Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər
09.05.2013İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident və xanımı müharibə veteranları ilə görüşdülər. Dövlət başçısı Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışova “Şöhrət” ordenini təqdim etdi, veteranlarının hər birinə Qələbə bayramı münasibətilə təbrikini çatdırdı, onların problemləri, qayğıları ilə maraqlandı.
Ali Baş Komandan, Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində qəhrəmanlıqlar göstərmiş sərkərdənin, xalqımızın igid oğullarının xatirəsini dərin ehtiramla yad etdi.
Prezident İlham Əliyev mərasimdə iştirak edən Rusiya Dövlət Dumasından olan deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdü.
Dövlət başçısı tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə də görüşdü, onları Qələbə Günü münasibətilə təbrik etdi.