Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı”nın açılış mərasimi

Mayın 17-də Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış edib:

- UNESCO-nun baş direktoru hörmətli xanım İrina Bokova.

BMT-nin baş katibinin ali nümayəndəsi hörmətli cənab Al-Nasser.

Xanımlar və cənablar.

Əziz dostlar.

Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Bu gün bizimlə burada olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Mən UNESCO-nun baş direktoru xanım İrina Bokovaya və BMT-nin baş katibinin ali nümayəndəsi cənab Al-Nasserə “Sülh ağacı”nın açılış mərasimində bizimlə birlikdə iştirak etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu abidə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser tərəfindən yaradılıb. Onun bütün işlərində sülh, tolerantlıq və xeyirxahlıq idealları öz əksini tapır. Mən əziz dostum xanım Serə təşəkkürümü bildirmək istəyirəm.

Çox şadam ki, bu gözəl incəsənət əsəri paytaxtımızın ən cazibədar yerlərindən olan Bakı Bulvarının bir hissəsinə çevrilib. Sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub. Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq.

Müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox addımların təşəbbüskarı olub. Azərbaycan Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi yüksək səviyyəli tədbirləri təşkil edir. Ötən il Azərbaycanda ilk Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Sabah biz hamımız birlikdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışını edəcəyik. Mən ümid edirəm ki, bütün müzakirələr, görüşlər, fikir və ideya mübadiləsi xalqlar, millətlər və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək.

Hörmətli dostlar, rəmzi məna daşıyan bu “Sülh ağacı” abidəsi kimi hamımızın torpaqdakı köklərimiz eynidir. Qəti əminəm ki, biz ümumi dünyamızı, sülh və dostluq kimi dəyərləri qorumaq üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının açılışı ərəfəsindəyik. Mən fürsətdən istifadə edərək, hamınızı bütün Avropanı sülh və dostluq naminə birləşdirəcək bu tarixi tədbirdə iştirak etməyə dəvət edirəm.

Sizi bir daha salamlamaq istərdim və bütün qonaqlarımıza Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sizə xoş səfər və çoxlu uğurlar arzulayıram. Sağ olun.