Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının rəsmi açılışı olub

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.

İki gün davam edəcək tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən birinci Avropa Oyunları haqda məlumat, “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.

Mərasimə qatılan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər.

Dövlət başçısı mərasimdə çıxış edib.

Daha sonra çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O, gələn il Bakıda baş tutacaq birinci Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüslərinin bu oyunların uğurlu alınmasına stimul verəcəyinə əminliyini bildirib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. “Bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir”, - deyə o, bildirib.

Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.

Daha sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalı təqdim olunub.

Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatıb.