Vatikana səfər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2025-ci il oktyabrın 16-17-də Vatikanda səfərdə olub.
Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı
Oktyabrın 16-da Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıblar.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombalarının açılışı olub.
Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüş
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.
Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı dəfə səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.
Bu gün Müqəddəs Kommodilla katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.
Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.
Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.
Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.
Mehriban Əliyeva Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub.
Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.
“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.
Roma Papası XIV Leo ilə görüş
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.
Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.
Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.
Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.
Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.
Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.
Vatikanın dövlət katibi ilə görüş
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını “Yubiley İli” münasibətilə təbrik edib.
Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.
Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib: “Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq”. Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.
Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: “Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir”.
Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.
Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.
Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüş
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Vatikan bağlarında ağacəkmə mərasimi
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.
Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanışlıq
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.
Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.
Vatikan Apostol Kitabxanasını ziyarət
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.
Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.
Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazionedə, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xətlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
16-17 oktyabr 2025-ci il




