Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak ediblər

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

“Ürək Mərkəzi”nin yeni inşa olunan binası altımərtəbəlidir. Binanın ümumi sahəsi 13 min kvadratmetrdir. Bu səhiyyə ocağının inşasına 2015-ci ilin əvvəlində başlanılıb və tikinti-quraşdırma işləri bu yaxınlarda başa çatdırılıb. Yeni mərkəzdəki çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır. Mərkəzin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Burada genişliyi və müasirliyi ilə diqqəti çəkən parkinq də fəaliyyət göstərəcək.

Konfrans salonunda dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ötən beş ildə keçdiyi inkişaf yolundan bəhs edən qısa videoçarx nümayiş etdirilib.

“Ürək Mərkəzi” ilə tanış olan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu səhiyyə müəssisəsinin kollektivi ilə görüşüblər.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.