Uşaqlar üçün ənənəvi bayram şənliyi
30.12.2019Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.
Mehriban Əliyeva bayram şənliyində çıxış edib:
- Hörmətli valideynlər, hörmətli müəllimələr, əziz uşaqlar.
Mən sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Heydər Əliyev Fondu fəaliyyətinə başladığı dövrdən – yəni, 15 ildir ki, biz Yeni ili birlikdə qarşılayırıq. İl ərzində müxtəlif tədbirlərdə, müxtəlif məkanlarda da sizinlə görüşürük. Amma Yeni il bayramı xüsusi bayramdır. Bu, həm uşaqların, həm böyüklərin ən sevimli bayramlarından biridir. Bu gün bizim bir ailə kimi bir-birimizə doğma, dəyərli, əziz olduğumuzu ifadə etməyimiz üçün gözəl bir imkandır.
Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Ümidvaram ki, sizin hər biriniz üçün bu il uğurlu oldu. Ölkəmizin həyatında da bir sıra əhəmiyyətli, yaddaqalan hadisələr baş verdi. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürdü. Azərbaycanda inkişaf davam edir. 2018-ci ildən cənab Prezident İlham Əliyev tərəfindən start verilmiş islahatlar davam edir. Dünya Bankının 2020-ci il üzrə hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələri sırasındadır. Davos Dünya İqtisadi Forumunun hesabatında rəhbərliyin islahatlara meyillilik səviyyəsi üzrə Azərbaycan beşinci yerdədir. Bu il dünyanın ən güclü 80 ölkəsi arasında reytinqdə bizim ölkəmiz 45-ci yerdədir.
Ölkəmizdə bu il bir sıra vacib, mühüm beynəlxalq tədbirlər, o cümlədən VII Qlobal Bakı Forumu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya dini liderlərinin II Sammiti keçirildi. Digər sahələrdə də bir sıra mühüm hadisələr baş verdi. Mədəniyyət sahəsində ən yaddaqalan hadisə yəqin ki, Şəki Xan Sarayının və Şəki şəhərinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Bakı şəhərinin UNESKO-nun yaradıcılıq şəhərlərinin şəbəkəsində yer tutmasıdır. Digər sahələrdə - idman sahəsində böyük nailiyyətlər əldə edilib. 2019-cu ildə ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Mən bir gəncin qələbəsi haqqında xüsusi danışmaq istəyirəm. Bu ilin oktyabr ayında bizim gənc şahmatçı Aydın Süleymanlı 14, 16 və 18 yaşlı qızlar və oğlanlar arasında dünya çempionatında qələbə əldə edib. Əlbəttə, bu, bizim hər birimizin qəlbini böyük qürur və sevinc hissi ilə doldurur.
Bir sözlə, bir çox sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir. Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir.
Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən müqəddəs arzularınız gerçəkləşsin. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir. Bu bayram günündə mən bizim bütün müəllimlərimizə əvəzolunmaz əməklərinə görə, bizim gənc nəslə, bizim uşaqlara göstərdikləri diqqətə görə öz dərin minnətdarlığımı bildirirəm. Artıq 15 ildir ki, Heydər Əliyev Fondunun kollektivi ilə bir yerdə bu bayram ab-havasını yaratmağa kömək edən, iştirak edən, uşaqları şənləndirən bizim hörmətli sənət adamlarımıza mən öz dərin minnətdarlığımı bildirirəm.
Əziz dostlar, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Ölkəmizə sülh, əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı və Azərbaycan xalqını daim qorusun. Təbrik edirəm.