Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib
26.02.2017Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib.
Müsahibə hər bazar günü efirə çıxan “Vesti nedeli” proqramında göstərilib.
Proqramın aparıcısı jurnalist Dmitri Kiselyov qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında qərar məntiqli qərar kimi qarşılanıb. D. Kiselyov deyib: “Mehriban Əliyeva onsuz da praktiki olaraq ölkənin bütün ictimai və siyasi həyatında iştirak edir, idarəçilik sahəsində zəngin təcrübəyə malikdir. Cəmiyyətdə onun nüfuzu şəksizdir. Mehriban Əliyeva son üç çağırış Azərbaycan parlamentinin deputatıdır, Heydər Əliyev Fonduna müvəffəqiyyətlə başçılıq edir, onun rəhbərliyi ilə 2012-ci ildə Bakıda “Eurovision” müsabiqəsi çox gözəl keçirilib, inişil isə tarixdə ilk dəfə Avropa Oyunları təşkil edilib. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva proqrama müsahibəsində bildirib ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq. Mehriban Əliyeva deyib: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb”.
Azərbaycanın Birinci vitse-prezidenti müxbirin “Siz dərhal razılaşdınızmı?” sualına cavabında deyib: “Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.
Mehriban Əliyeva daha sonra deyib: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm.
Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
“Rossiya 1” telekanalında göstərilən süjetdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı barədə ətraflı söhbət açılır. Vurğulanır ki, bu Dövlət Proqramının və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılmasının təşəbbüskarı Milli Məclısin deputatı, parlamentdə işini xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirən Mehriban Əliyeva olub.
Mehriban Əliyeva Rusiya telekanalına müsahibəsində deyib: “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.
Müxbirin “Sizin ağladığınız hallar olurmu?” sualına Mehriban xanım belə cavab verib: “Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki yəqin ki, məni çox möhkəmlətdi”.
Birinci vitse-prezident sağlam, konstruktiv tənqidi eşitməyə hazır olduğunu vurğulayaraq dedi: “Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Bu, ən dəhşətli haldır. Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyil edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”.
Süjetdə qeyd edilir ki, Mehriban Əliyevanın Vətənində populyarlığı son dərəcə yüksək səviyyədədir. Üstəlik, onun tərəfdarları arasında milli və dini azlıqlar da var. Heydər Əliyev Fondu Azərbaycan xristianlarının dostudur, məbədləri bərpa etməyə, milli və mədəni mərkəzlər tikməyə kömək edir. Azərbaycanda rus dilinə də hörmət edirlər. Slavyan Universiteti ölkədə populyardır, Bakıdakı Rus Dram Teatrının tamaşaları daim anşlaqla keçir. Puşkinin və Tolstoyun dili ölkə rəhbərləri üçün az qala ana dili kimidir.
Mehriban Əliyeva deyib: “Biz Azərbaycan dilində, bəzən isə rus dilində danışırıq. Bizim evdə hər iki dildən istifadə edilir. Bu, millətimizin, ölkəmizin sərvətlərindən biridir. Rus dilini əsla itirmək olmaz. Təəssüf ki, postsovet respublikalarının çoxunda vəziyyət tamam başqadır. Hətta həmin ölkələrin rəhbərlərinin bunun nə qədər pis tendensiya olmasını nəyə görə anlamaması təəccüb doğurur”.
Süjetdə Mehriban Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyətindən, UNESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli işindən də bəhs edilir. Müxbir Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsində əsas siyasətçilərdən biri kimi xarici səfərlər gözləməsindən, qadınları siyasətçi kimi qəbul etməyə o qədər də adət etməmiş Şərq mentallığına malik kişilərlə qarşılaşmalı olacağından söhbət açaraq soruşur ki, buna hazırdırmı?
Mehriban Əliyeva belə cavab verir:
- Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm.
- Nə vaxtsa bu ölkəyə rəhbərlik etmək, prezident olmaq barədə düşünmüsünüzmü?
- Bilirsinizmi, mən bu barədə fikirləşməmişəm və fikirləşmirəm. Bəli, mən Azərbaycanın mənafelərini müdafiə edəcəyəm, bəli, mən Azərbaycan xalqının mənafelərini müdafiə edəcəyəm. Azərbaycan xalqı üçün xeyirxah işlər məhz budur. Odur ki, gələcəkdə nə olacağı barədə indidən fikir söyləmək tamamilə səmərəsiz məşğuliyyətdir.