UNESCO-nun baş direktoru İrina Bokova ilə görüş
17.11.2015Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Dövlətimizin başçısı və xanımının UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırıldı. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi.
Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.