Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
22.11.2019Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.
Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir PUTİN dedi:
-Hörmətli Mehriban Arif qızı.
İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə görüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq.
Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm.
XXX
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir.
Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq istəyirəm. O, Sizinlə münasibətləri çox yüksək qiymətləndirir və Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verir. Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamizmini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm.
Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il biz həmin göstəricinin artacağını gözləyirik.
Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir. Siz bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir.
Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək.
XXX
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
-Hörmətli Mehriban Arif qızı.
Bilirsiniz ki, təntənəli hissəyə keçmək nəzərdə tutulurdu, lakin hər halda Sizin indicə dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sözsüz belədir, Vladimir Vladimiroviç. Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır.
Prezident Vladimir PUTİN: Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun. Dəvət üçün sağ olun.
Prezident Vladimir PUTİN: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sizə təşəkkür edirəm.
Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu.
Rusiya Prezidenti Vladimir Putin “Dostluq” ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun.
Prezident Vladimir PUTİN: Təşəkkür edirəm.
Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun.